Məlumata görə, ROKETSAN-ın istehsal etdiyi quru sistemlərindən biri olan “Tayfun” raketi 280+ kilometr mənzillə missiya yerinə yetirir. “Tayfun” hipersəs səviyyələrinə çatan sürəti sayəsində HHM sistemi təhdidlərindən təsirlənmir. Ətraf mühitə həssaslığının aşağı olması sayəsində raket gecə-gündüz istənilən hava şəraitində işləyə bilir.
280 kilometr mənzilə malik “Bora” raketi döyüş meydanında strateji hədəflərə təsirli atəş gücü yaradır. Hədəf növləri arasında artilleriya və HHM sistemləri, radar mövqeləri, komanda-idarəetmə və rabitə sistemləri, logistika obyektləri, toplaşma sahələri, yüksək dəqiqliklə aşkar edilmiş hədəflər yer alan “Bora” raketi “Bora” Silah Sisteminə aid olan 8x8 Taktiki Təkərli Vasitə və ROKETSAN Yaylım Atəşli Reaktiv Silah Sistemindən buraxılır.
TRG-300 raketi yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 20-120 kilometr məsafədə yüksək prioritet hədəflərə qarşı intensiv və effektiv atəş gücü yaradır. Ən uzaq hədəfə belə 5 dəqiqədən az müddətdə çata bilən TRG-300 raketləri kritik hədəflərin sürətlə təsirlənməsinə şərait yaradır. TRG-230 raketi yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 20-70 kilometr məsafədəki strateji hədəflərə təsir edə bilir. Hədəf tiplərinə sabit quru hədəfləri, kütləvi personal hədəfləri və fürsət hədəfləri daxil olan TRG-230 raketi sərfəliliyi ilə seçilir.
TRG-230 raketlərində istəyə bağlı olaraq təklif edilən lazer axtarış başlığından istifadə edərkən, hədəf yerdən və ya havadan işarələnir və bu, mülki zərər vurmadan nöqtə hədəflərinin zərərsizləşdirilməsinə imkan verir. 70 kilometr mənzilə sahib olan raketin hədəf tipləri arasında artilleriya və hava hücumundan müdafiə sistemləri, radar mövqeləri, komanda idarəetmə və rabitə sistemləri, logistika obyektləri və cəmləşmə sahələri var.
Bir çox ölkə tərəfindən istifadə edilən 122 mm-lik raketlərin buraxıldığı Yaylım Atəşli Reaktiv Sistemlərindən (YARS) buraxıla bilən TRG-122 raketləri 10-28 kilometr məsafədəki hədəflərə təsir edə bilir. Ətraf mühitdə sıx mülki elementlərin olması səbəbindən raket atəşinin mümkün olmadığı əməliyyat şəraitində TRG-122 raketləri yüksək zərbə dəqiqliyi ilə arzuolunmaz zərərin qarşısını alır.
TRLG-122 raketi 8-28 kilometr məsafədə ətalətli idarəetmə metodlarından istifadə edərək, hədəf bölgəsinə yaxınlaşa bilir və terminal mərhələsində lazer axtarış başlığından istifadə edərək, nöqtə vuruşu qabiliyyətini təmin edə bilir. Yaylım Atəşli Reaktiv Silah Sistemi kritik hədəfləri 10-280 kilometr məsafədə dəqiq və vaxtında atəşə tutmağa imkan verir.
Hədəf növləri arasında artilleriya və HHM sistemləri, radar mövqeləri, komanda-idarəetmə və rabitə sistemləri, logistika obyektləri, cəmləşmə sahələri, yüksək dəqiqliklə aşkar edilmiş hədəflər yer alır. TR-107 və TR-122 artilleriya raketləri gecə-gündüz hər cür əməliyyatda düşmənin regional hədəflərini məhv etmək, zərərsizləşdirmək və ya sıxışdırmaq üçün lazım olan vaxt və yerdə fasiləsiz atəş dəstəyi verir. Analoqları ilə müqayisədə TR-107 raketi artırılmış mənzil üstünlüyünə malikdir.
Yüksək məhsul keyfiyyətinə, yüksək etibarlılıq səviyyəsinə və aşağı ətraf mühit şəraiti həssaslığa malik TR-122 və TRB-122 raketləri bir çox YARS-lardan buraxıla bilər. Əməliyyat çevikliyi, sürətli yerləşdirmə və atəş gücü dəstəyinin sürətli yerdəyişməsi üçün 107 və 122 millimetrlik raketlərin bir pod içərisində 20 ədəd raket olacaq şəkildə pod konfiqurasiyaları da mövcuddur. T-107/122 Yaylım Atəşli Reaktiv Silah Sistemi bütün hava və ərazi şəraitində gecə-gündüz yüksək prioritetli hədəflərə qarşı manevr birliklərinə intensiv və effektiv atəş dəstəyi verən silah sistemi kimi diqqəti çəkir. T-107/122 Yaylım Atəşli Reaktiv Silah Sistemi batareyası sahib olduğu missiya dəstək vasitələri ilə müstəqil missiyaları yerinə yetirməyə qadirdir.
Paraşütlü TR-122 millimetr raketində ənənəvi döyüş başlıqları faydalı yük kimi siqnal qarışdırıcılar, kamera başlıqları və ya digər xüsusi avadanlıqlarla əvəz olunub. Hədəfə yaxın müəyyən hündürlüyə çatdıqda raketin ön hissəsi mühərrik hissəsindən ayrılır və faydalı yükün paraşüt sisteminin köməyi ilə aşağıya doğru üzməsinə şərait yaradılır. Raket 36 kilometrə qədər mənzilə malikdir.
“Kara Atmaca” “Yer-Yer” Qanadlı Raket Silah Sistemi taktiki təkərli quru platformasından buraxıla bilən və strateji quru hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılan, qarışdırmaya qarşı davamlı qanadlı raket kimi diqqət çəkir. 280 kilometr mənzilə malik raketin hədəf növü sabit quru hədəfləridir. “Tanok” 120 millimetrlik Lazerlə İdarə Olunan Tank Topu Sursatı döyüş meydanında yüksək effektivlik, dəqiqlik və sərfəli həll təmin etmək üçün tanklarda və digər lüləli odlu silahlarda istifadə edilən adi artilleriya sursatlarının innovativ variantı kimi hazırlanıb. Sursat 6 kilometrdən çox mənzilə malikdir.
UMTAS/LUMTAS-GM Uzun Mənzilli Tank Əleyhinə Raket Sistemi düşmən elementlərinə yaxınlaşmadan və gözə dəymədən, görmə xəttinin kənarındakı hədəflərə qarşı təsirli olmaq qabiliyyətinə malikdir. Quru platformalarında 15 kilometr, hava platformalarında isə 20 kilometr mənzilə malik UMTAS/LUMTAS-GM həm müdafiə, həm də hücumda düşmənə qarşı qəfil hücumlar etmə üstünlüyü təmin edir.
Bu xüsusiyyət ilə sistem bir örtük arxasından tətbiq edilə bilər. UMTAS/LUMTAS-GM görüntünü emal edən infraqırmızı axtarış başlığı (IIR) və yarımaktiv lazer axtarış başlığı (YAL) olmaqla, 2 konfiqurasiyaya malikdir. OMTAS Orta Mənzilli Tank Əleyhinə Silah Sistemi döyüş meydanında zirehli təhdidlərə qarşı təsirli orta mənzilli tank əleyhinə silah sistemi kimi seçilir. 4 kilometr mənzilə malik olan sistem infraqırmızı görüntüləyici axtarış başlığı sayəsində gecə-gündüz və istənilən hava şəraitində işləyə bilir.
L-OMTAS Lazerlə İdarə Olunan Orta Mənzilli Tank Əleyhinə Silah Sistemi zirehdəlici tandem döyüş başlığına və döyüş meydanında zirehli təhlükələrə qarşı effektiv lazer idarəetmə qabiliyyətinə malik orta mənzilli tank əleyhinə silah sistemi kimi seçilir. 5,5 kilometr mənzilə sahib olan sistem atışdan əvvəl və ya sonra hədəfə bağlana, sabit və hərəkət edən hədəflərə qarşı təsirli ola bilir. Öz ştativ platformasından buraxılan L-OMTAS açıq və ya qapalı qüllələri quru platformalarına inteqrasiya etməklə də istifadə edilə bilər.
Qısa Mənzilli Tank Əleyhinə Silah “Karaok” üzərində yer alan İnfraqırmızı Görüntüləyici Başlıq sayəsində gecə-gündüz işləyə bilən portativ raket sistemi kimi seçilir. 2,5 kilometr mənzilə malik silahın hədəf növlərinə sabit və hərəkət edən hədəflər, tanklar, zirehli vasitələr, döyüş vasitələri və beton bunkerlər daxildir. Taktiki Raket Silah Sistemi KMC-U yüksək hərəkət qabiliyyətinə, 360 dərəcə fırlanma xüsusiyyətinə, vasitənin içərisindən idarə oluna bilən stabilləşdirilmiş qüllə sisteminə və həm dayanarkən, həm də hərəkətdə olarkən atəşi idarə etmə bacarığına malikdir. KMC-U infraqırmızı və lazerlə idarə olunan raketləri ilə yüksək dəqiqliyə və dağıdıcı gücə malik sistem kimi diqqət çəkir.
105/155 millimetrlik Haubitsa Sursatı Məsafə Düzəliş Dəsti (MDD) idarə olunmayan artilleriya sursatlarının standart başlıqları əvəzinə istifadə oluna bilən, paylanmanı 50 metrə qədər azaldan çoxlu başlıq funksiyasına malik (toqquşma, gecikmə, zaman tənzimləməli və yaxınlaşma) tuşlama dəsti kimi seçilir. MDD-nin qurulmuş məlumat əlaqəsi infrastrukturu sayəsində eyni anda havada birdən çox döyüş sursatı izlənilə və sursata istiqamətləndirici əmrlər göndərilə bilər.
Hava sistemləri
ROKETSAN-ın istehsal etdiyi hava sistemləri arasında yer alan 250 kilometr mənzilli “Stand-Off” Sursatı (SOS) HHM raket sistemlərinin əhatə dairəsi xaricində, döyüş sahəsinin dərinliklərində güclü şəkildə qorunan quru və dəniz hədəflərinə qarşı istifadə oluna bilən “hava-yer” tipli qanadlı raket kimi seçilir.
“Teber” Tuşlama Dəsti MK-81 və MK-82 Ümumi Məqsədli Bombalarının zərbə qabiliyyətini artırmaq üçün inteqrasiya olunmuş yüksək dəqiqlikli tuşlama dəsti kimi xidmət edir. O, döyüş təyyarələri və Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə yerüstü hədəflərə qarşı istifadə edilə bilər. Hərəkətdə olan hədəflərlə yanaşı, sabit hədəflərə də yüksək dəqiqliklə zərbə qabiliyyətini təmin edən “Teber” Tuşlama Dəstində yaxınlaşma sensoru variantı da var.
“Laçın” görüntüləyici infraqırmızı axtarış başlığı və taktiki məlumat bağlantısı ilə sabit və hərəkət edən hədəflərə qarşı istifadə edilə bilən ağıllı bir tuşlama dəsti olaraq adından söz etdirir. Pilotun döngüdə “man-in-the-loop” olaraq istifadə edə bildiyi “Laçın” MK-82 Ümumi Məqsədli Bombaları ilə uyğun gəlir. “Laçın”ın təyyarədən 90 kilometr, PUA-dan isə 50 kilometr mənzili var.
Psixoloji müharibə baxımından İHA-230 “Hava-Yer” Ballistik Supersəs Raketi düşmənin HHM təhlükələrindən uzaq duraraq, hədəfin təsirlənməsinə imkan verir. Raketin 150 kilometr mənzili olarkən, İHA-122 “Hava-Yer” Ballistik Supersəs Raketi üçün bu rəqəmin 55 kilometr olduğu bilinir. MAM-T Ağıllı Sursatı “hava-yer” (dəniz və ya quru hədəflərinə qarşı) istifadə edilə bilən yüksək dağıdıcı gücə malik ağıllı sursat törəməsidir, PUA və yüngül hücum təyyarələrinin kritik missiyaları üçün hazırlanıb.
30 kilometr və daha çox mənzilli MAM-T sabit və hərəkət edən hədəflərə qarşı alternativ döyüş başlıqları ilə istifadə edilə bilər. MAM-T IIR Ağıllı Sursatı görüntüləyici infraqırmızı axtarış başlığı (IIR) ilə idarə olunan, “hava-yer” olaraq istifadə oluna bilən, PUA-lara və sabit qanadlı platformalara inteqrasiya oluna bilən sursat sistemi kimi tanınır. 50 kilometr və daha çox mənzilə malik MAM-T IIR sabit/açılan qanad strukturları, yeni təkmilləşdirilmiş axtarış başlığı ilə çətin ekoloji şəraitdə belə istifadəçinin qabiliyyətini artırır və təxminən 2 dəfə çox mənzili sayəsində istifadəçiyə daha geniş mənzildə əməliyyat imkanları təqdim edir.
MAM-L Mini Ağıllı Sursatı havadan-yerə (dəniz və ya quru hədəflərinə qarşı) süzülməli olaraq istifadə edilən, yüngül kütləli, fərqli döyüş başlığı növləri ilə geniş diapazonda hədəflərə qarşı təsirli, sabit və hərəkətli hədəflərə qarşı yüksək dəqiqliklə zərbə qabiliyyətinə sahib yarımaktiv lazerlə idarə olunan bir sursat olaraq önə çıxır. MAM-L Mini Ağıllı Sursatı 15 kilometr mənzilə malikdir.
MAM-L IIR Sursatı “Imaging Infrared” (IIR) idarəetməli, “hava-yer” olaraq istifadə edilə bilən, çoxməqsədli döyüş başlığı seçimlərinə malik, PUA və sabit qanadlı platformalara inteqrasiya edilə bilən sursat sistemi olarkən, 25 kilometrlik mənzili ilə önə çıxır. MAM-C Mini Ağıllı Sursatı “hava-yer” (dəniz və ya quru hədəflərinə qarşı) olaraq istifadə edilən, yüngül kütləli, açıq sahədə olan personal, avtomobil və digər səth hədəflərinə qarşı istifadə edilə bilən yarımaktiv lazer idarəetməli silah sistemi kimi tanınır. MAM-C 8 kilometr mənzilə malikdir.
Uzun Mənzilli Tank Əleyhinə Raket Sistemi (UMTAS) hücum helikopterlərində istifadə üçün hazırlanmış dəqiq idarə olunan tank əleyhinə raket sistemi kimi önə çıxır. Məlumdur ki, infraqırmızı görüntüləyici axtarış başlığı sayəsində gecə-gündüz və istənilən hava şəraitində işləyə bilən raketin 8 kilometr mənzili var. Lazerlə İdarə Olunan Uzun Mənzilli Tank Əleyhinə Raket Sistemi (L-UMTAS) hücum helikopterlərindən istifadə üçün hazırlanmış dəqiq idarə olunan tank əleyhinə raket sistemidir. Lazer idarəetmə qabiliyyəti və zirehdəlici tandem döyüş başlığı L-UMTAS raketini sabit və hərəkət edən hədəflərə qarşı effektiv silah sistemi edir. 8 kilometr mənzilə malik raket atışdan əvvəl və ya sonra hədəfə kilidlənə bilir.
“Cirit” Lazerlə İdarə Olunan Raketi quru, dəniz və hava vasitələrindən yüngül zirehli/zirehsiz, sabit və hərəkət edən hədəflərə qarşı istifadə edilən yüksək dəqiqliyə malik və sərfəli həll yolu kimi seçilir. Yeni nəsil raket olan “Cirit” idarə olunmayan 2,75” raketləri ilə idarə olunan tank əleyhinə raketlər arasındakı taktiki boşluğu doldurmaq üçün nəzərdə tutulub və 8 kilometr mənzilə malikdir.
Gecə-gündüz fəaliyyət göstərə bilən “Alpagut” 60 kilometrlik mənzili ilə hərəkətdə olan və ya sabit quru, dəniz hədəflərinə, radar və rabitə sistemlərinə, yüngül zirehli quru və ya dəniz platformalarına, komanda mərkəzi kimi kritik obyektlərə, personala və fürsət hədəflərinə qarşı effektiv qüvvə yaradır.
Dəniz sistemləri
“Barbaros” Sahil Mühafizə Sistemi sahil mühafizə konsepsiyasına uyğun olaraq mobil vasitə batareya quruluşuna inteqrasiya olunmuş “Atmaca” və “Çakır” qanadlı raketləri ilə missiyaları yerinə yetirə bilən sahil mühafizə sistemi kimi önə çıxır. “Barbaros” batareya quruluşu daxilində yerləşən Buraxılış Vasitəsi və Komanda-İdarəetmə Vasitəsi ilə missiya planlaşdırma qabiliyyətinə malikdir, mərkəzi üst element/döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilər.
Gəmi Əleyhinə Raket “Atmaca” suüstü gəmilərə, sualtı qayıqlara, sabit buraxılış qurğularına və taktiki təkərli vasitələrə inteqrasiya oluna bilən 250 kilometr mənzilli, aşağı radar izi və yüksək hədəfi vurma dəqiqliyinə malik qanadlı raket kimi seçilir. “Çakır” Qanadlı Raketi müxtəlif platformalarda çoxlu daşıma xüsusiyyəti ilə inteqrasiya oluna bilən, aşağı görünmə qabiliyyəti və yüksək hədəfi vurma dəqiqliyinə malik yeni nəsil qanadlı raket kimi önə çıxır. Raketin havadan buraxılan versiyası 150 kilometr, səth variantı isə 100 kilometrdən çox mənzilə malikdir.
“Akya” Yeni Nəsil Ağır Sinif Torpedosu tamamilə milli imkanlarla hazırlanmış, müxtəlif sinfə məxsus sualtı qayıqları və suüstü hədəfləri vura bilən yeni nəsil ağır sinfə məxsus torpedo kimi tanınır. “Akya” yüksək sürət, uzun mənzil, aktiv/passiv sonar başlığı, daxili və fiber optik kabel vasitəsilə xarici idarəetmə xüsusiyyətlərinə malikdir. “Orka” Yeni Nəsil Yüngül Sinif Torpedosu tamamilə milli imkanlarla hazırlanmış, suüstü platformalardan və hava platformalarından buraxıla bilən sualtı hədəfləri nişan alma qabiliyyətinə malik yeni nəsil yüngül sinfə məxsus torpedo kimi önə çıxır.
“Orka” yüksək sürət, aktiv/passiv sonar başlığı ilə hədəf aşkarlama, daxili idarəetmə xüsusiyyətinə malikdir, 15 kilometr mənzilə çata bilir. “Temren” “Temren” Uzun Mənzilli Tank Əleyhinə Raketlərinin “Seahawk” helikopterlərinə və G/M tədarükü layihəsinə inteqrasiyası kimi tanınır. Raketin mənzili isə 8 kilometrdir.
Sualtı Qayıq Əleyhinə Hərbi Raketi və Buraxılış Sistemi sualtı hədəflərə qarşı hazırlanmış, 1000-2000 metr məsafədə və 15-300 metr dərinlikdə istifadə oluna bilən, suüstü platformanın silah idarəetmə sistemi və sonarı ilə inteqrasiyada işləyə bilən, avtomatik yönləndirmə qabiliyyətinə malik sistem hesab edilir.
HHM sistemləri
“Siper” Uzun Mənzilli Regional Hava və Raket Hücumundan Müdafiə Sistemi sülh və böhran şəraitində çəkindiricilik təmin edəcək, döyüşdə düşmənin “havadan nəfəs alan” hədəf, qanadlı raket və “hava-yer” sursatı hücumlarını məhdudlaşdırmaq, gecikdirmək və ya zərərsizləşdirmək (məhv etmək) vasitəsilə dost birliklərin sağqalma qabiliyyətini təmin edəcək şəkildə dizayn edilib.
Sistem strateji və iqtisadi obyektləri düşmənin “havadan nəfəs alan” hədəf, qanadlı raket və “hava-yer” sursatı hücumlarına qarşı qoruyacaq və daha əlverişli şəraitdə birgə əməliyyatların aparılmasını təmin edəcək şəkildə xidmət edərkən, “Siper Ürün-1” 100 kilometrdən çox, “Siper Ürün-2” isə 150 kilometrdən çox təsir sahəsinə malikdir.
“Hisar” HHM Raketləri sabit və fırlanan qanadlı təyyarələrə, qanadlı raketlərə, “hava-yer” raketlərinə və PUA-lara qarşı hərbi bazaları, limanları, obyektləri və birlikləri hava təhdidlərindən qorumaq üçün istifadə edilən HHM raket ailəsi kimi istifadə olunur. “Hisar-A+” 10 kilometrdən çox təsir sahəsinə malik olduğu halda, “Hisar-O” 16 kilometrdən çox təsir sahəsinə malikdir.
“Burç” Mobil HHM Sistemi üstün atəş gücünü (“Sungur” raketi və 20/30 mm-lik top), aktiv və passiv sensorları ilə mövcud və gələcək bütün döyüş meydanı hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün tələb olunan dinamikaları bir araya gətirərək, sərfəli optimallaşdırılmış həll istehsal edə bilən yeni nəsil HHM sistemi kimi önə çıxır. Döyüş meydanında və arxa bölgədəki mobil/sabit birlik və obyektlərin qısa mənzilli HHM-ində istifadə ediləcək çiyindən atılan HHM raket sistemi olan “Sungur” 8 kilometrdən çox mənzilə malikdir.
“Sungur” HHM Raket Sistemi həm də müxtəlif platforma inteqrasiyalarına uyğun olaraq dizayn edilib. “Levent” Qapalı HHM Raket Sistemi dəniz elementlərinə təhdid yaradan təyyarə, helikopter, PUA, səthə yaxın və ya yüksək hündürlükdə hərəkət edə bilən, səs sürətindən aşağı/yuxarı sürətə və aşağı radara görünmə sahəsinə malik idarəolunan mərmiləri təsirsiz hala gətirə biləcək bir sistem olaraq diqqət çəkir.
“Levent” radioeletron hücuma qarşı davamlı, suüstü platformalarda yüksək miqdarlarda idarəolunan mərmi yerləşdirilməsinə və buraxılmasına imkan verəcək buraxılış sisteminə və yüksək manevr qabiliyyətinə sahib qısa mənzilli idarəolunan mərmidən ibarət olan, qısa mənzilli, hər cür hava şəraitində işləyə bilən, üzərində yerləşən radar və EOS sistemi ilə hədəf aşkarlanması, izlənilməsi, hədəf qiymətləndirilməsi, hədəfin nişan alınması və hədəfi məhv etmə missiyalarını yerinə yetirə bilən “səth-hava” yaxın HHM raket sistemi kimi istifadə olunur.
“Alka” Yönləndirilmiş Enerji Silah Sistemi asimmetrik təhdidlərin Elektromaqnit Qarışdırma Silahı ilə bloklanmasını (soft kill) və Lazer Silahı ilə məhv edə bilməsini (hard kill) təmin edən iki təbəqəli çox yaxın HHM sistemi kimi önə çıxır. Mənzili isə 2.5 KVt-da 750 metr və 5KV-da 1500 metr kimi tanınır.
“MiDLAS” Milli Şaquli Atış Buraxılış Sistemi idarəolunan mərmiləri göyərtə altında kanistrli olaraq ehtiva edə bilən, gəmi döyüş idarəetmə sistemi üzərindən alacağı əmrlərlə fərqli idarəolunan mərmi növlərini isti və ya soyuq buraxılış üsulları ilə buraxa bilmə qabiliyyəti olan, müxtəlif borularında eyni anda “səth-hava”, “səth-səth”, “səth-yer” və torpedo növündəki idarəolunan mərmi növlərini ehtiva edə bilən və bu idarəolunan mərmiləri fərqli hədəflərə tək və ya ardıcıl olaraq buraxa bilən, gəminin və personalın təhlükəsizliyi üçün zəruri hallarda qabaqlayıcı və təcridedici təhlükəsizlik tədbirləri görə bilən elektromexaniki buraxılış sistemi kimi diqqət çəkir.
Dəyanət Ağalarlı
Ordu.az